Qaradağ rayonunda Vətən müharibəsi şəhidi, mayor Tofiq Kərimovun xatirəsi yad edilib. 

"Unikal" xəbər verir ki, şəhidin doğum günü onun məzarı başında qeyd olunub. 
   
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul vəzifəli şəxsləri şəhid T. Kərimovun məzarını ziyarət edərək, əklil qoyublar. Ruhuna dua oxunduqdan sonra şəhidimizin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra şəhidin ailəsi və övladları Ümid qəsəbəsində yaşadıqları mənzillərində ziyarət olunub. Onlara dərin hüzünlə baş sağlığı verilib. Ailənin mövcud bütün məsələləri araşdırılıb və yerində köməklik göstərilib. Görüşdə bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur doğurur və bu amal uğrunda fədakarlıq göstərənlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar

Qeyd edək ki, şəhid mayor Kərimov Tofiq Dadaş 07.07.1973-cü il tarixində Qaradağ rayonu Sahil qəsəbəsində dünyaya gəlib. Birinci Qarabağ müharibəsindədə iştirak etmiş və vətənimizin müdafiəsində xüsusi xidmətlər göstərib. 2020-ci il 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan haqlı mübarizəmizdə vətənimizin müdafiəsinə təkrar qoşulub və Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı 09.11.2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə şəhidimiz, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, ”İgidliyə görə” medalları ilə, və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.