Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri Bakının Xəzər rayonunda keçirilib.
"Unikal" xəbər verir ki, 7 iyul 2022-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrin rəhbərləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Münsiflər heyətinin tərkibində Azərbaycanın ustad muğam ifaçıları və şeir-sənət biliciləri olan xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Nəzakət Teymurova, Teyyub Aslanov, əməkdar artist Fərqanə Qasımova və layihənin icraçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirak ediblər. Gənc xanəndələrin ifası dəyərli münsiflər heyəti tərəfindən 10 bal sistem üzrə qiymətləndirilib.
VIII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələrinin Bakının Xəzər rayonunun qədim və zəngin tarixə malik olan Mərdəkan qəsəbəsində keçirilməsi sakinlər tərəfindən yüksək rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirilir. VIII “Muğam“ müsabiqəsi də Azərbaycan muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutudur. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların böyük səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.