Yaponiyanın baş naziri Fumio Kişida keçmiş baş nazir Şinzo Abenin öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən göz yaşlarına boğulub.

"Unikal" xəbər veirr ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb.

Kişida "Üzr istəyirəm və söz tapa bilmirəm" deyib.

Siyasətçi qeyd edib ki, Abe həmişə dəstəklədiyi yaxşı dostu olub.

Fumio Kişida Abenin ikinci dəfə baş nazir olduğu müddətdə xarici işlər naziri vəzifəsində çalışıb. Onu da bildirilib ki, hazırkı baş nazir vəzifəsini əsasən Abenin dəstəyi sayəsində alıb.

Xatırladaq ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe iyulun 8-də sui-qəsd nəticəsində dünyasını dəyişib. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən 41 yaşlı yapon Tetsuya Yamaqami olduğu üzə çıxıb. Saxlanılan şəxs siyasətçidən “narazı olduğunu” və “onu öldürmək istədiyini” bildirib.