Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının şəhadətinin ildönümü münasibətilə paylaşım edib.
"Unikal" xəbər verir ki, o, paylaşımında şəhidlik zirvəsinə ucalan atasına xitab edib:
“Sən daima zirvələrdəsən, artilleriyanın atası, əfsanəvi komandir, mehriban, səmimi, gülərüz insan. Sənin yoxluğun bizə çox çətindir, ata, 2 il necə belə tez gəlib gedərmiş. Bax belə də olacaq, illər ötəcək, fəsillər dəyişəcək, amma sən hər zaman qəlbimdə qalacaqsan. Sən unudulmayacaqsan. Ata, sən xalqın qəhrəmanısan.
Əsgərliyi də bitirdim artıq, görəsən xəbərin varmı? Bu 2 ildə nə çox şey dəyişdi, ata. Yenə hamı təsəlli verəcək, qoymayacaq pis olaq, ancaq nə xeyri, mümkündürmü, ata? Salam olsun sənə, ata, salam olsun sənə, ey Şəhid, salam olsun sənə, Milli Qəhrəman, Salam olsun sənə və səninlə birgə döyüşüb şəhid olan qəhrəmanlara.
Sən təkcə Mirzəyevlər ailəsinin yox, bütün dünya azərbaycanlılarının fəxri və qürur mənbəyisən. Sənin və sizlərin uyuduğunuz o müqəddəs torpaq üçün hər zaman can alıb, can verməyə hazırıq. Ata, sənin müqəddəs və şərəfli yolunu mən davam etdirəcəyəm. Çünki bu mənim məsuliyyətim, borcum və sənin qarşındakı öhdəliyimdir. Hər zaman yaddaşlarda və ürəklərdə olacaqsan.
Nə qədər ki bu millət var, sənin və sizin kimi qəhrəmanlar unudulmayacaq. Əgər sizi unutsaq, sizin haqqınız bizə halal olmasın, bu vətənin, bu yurdun suyu, çörəyi bizə haram olsun”.