Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Bu barədə "Unikal"-a Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, iyulun 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçılarının birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş prokuroru İrakli Şotadze rəhbərlik etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Görüş zamanı Gürcüstanın Kvemo-Kartli və Kaxetiya bölgələrində sıx yaşayan soydaşlarımızın, eləcə də ölkəmizin Ağstafa, Qazax, Balakən, Zaqatala və digər rayonlarda yaşayan etnik gürcülərin hüquq və azadlıqlarının qorunması məsələləri müzakirə olunub.
Görüşdə hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində, ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olub.
Daha sonra qonaqlar Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasında yaradılmış şəraitlə tanış olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət edib.
Görüşlərdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.