Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da təqvim planına uyğun olaraq yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulması, onları narahat edən şəxsi və ümumi məsələlərin həllinə köməklik göstərilməsindən ötrü səyyar qəbul-görüşlərini davam etdirir.
"Unikal" xəbər verir ki, iyulun 13-də ucqar dağ kəndlərindən olan Bəlitonda yerli insanların qayğı və problemlərinin dinlənilməsi sözügedən məqsədə xidmət edib. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, sərhədlərimizin bərpası uğrunda ölümsüzlük zirvəsinə ucalan qəhrəman övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu qəbul-görüşdə İcra başçısı yerli insanları xüsusi diqqət və qayğı ilə dinləyib. Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə T.Qaraşov bildirib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir. “Cənab Prezidentin siyasətinin mərkəzində məhz insan amili dayanır” deyən natiq bildirib ki, ölkə başçısının uğurlu siyasətinin nəticəsidir ki, bu gün dünyada güc mərkəzlərinin ərzaq qıtlığı ilə mübarizə apardığı dövrdə Azərbaycan insanı sözügedən problemlə gündəlik həyatında qarşılaşmır. İcra başçısı qəbul-görüşdə insanlar tərəfindən səsləndirilən bütün məsələlərin şəxsən nəzarətində olduğunu qeyd edib. Şəhid ailəsi və müharibə iştirakçıların hər birinin qayğı və problemlərini dinləyən T.Qaraşov məsələlərin həllindən ötrü yerindəcə tapşırıq və tövsiyələrini verib. Yerli insanlar da çıxışlarında rayon rəhbərliyi ilə maneəsiz və birbaşa dialoq qura bildikləri üçün minnətdarlıqlarını ifadə ediblər, qaldırdıqları məsələlərin həllinə ən qısa zamanda nail olacaqlarına inandıqlarını bildiriblər. Kənd sakinləri istər pandemiya, istərsə də post-pandemiya dövründə ucqar ərazidə yaşamaqlarına baxmayaraq gündəlik həyatlarında həlli mümkün olmayan iqtisadi və sosial problemlərlə qarşılaşmadıqlarını ifadə ediblər. Bütün bunlara görə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini qeyd ediblər.