Oğlu Hacıbala Abutalıbovun karyerasını bitirir
11:08 28-02-2013
İQTİSADİYYAT
Məmur övladları ilə bağlı sərt xəbərdarlığın ilk zərbəsi Bakı “mer”inə dəydi
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Sevil Alıyevanın sədrliyi ilə iş adamı Maqsud Mahmudovla Bak “mer”i Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun qeyri-rəsmi sahibi olduğu Müstəqil “Spektr” MMC arasındakı məhkəmə qalmaqalla yekunlaşıb. İş adamı Maqsud Mahmudovun prezidentin 12 fevral konfransındakı çıxışına istinad edərək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun qanunsuzluqlarını məhkəmədə söyləməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, “Spektr” MMC Nazim Hikmət-25 ünvanda yerləşən möhürlənmiş ofisin açılması və bağlı qaldığı hər aya görə Maqsud Mahmudovdan 800 manat kompensasiya ödənməsi tələbi ilə məhkəmədə vəsatət vermişdi. Son məhkəmə prosesində hakim Sevinc Alıyeva iclası yarımçıq saxlayıb qərarı açıqlayacağını desə də, qərar 1 gün sonra elan olunub. Beləliklə, məhkəmənin qərarına görə “Spektr” MMC-nin iddiası təmin edilmir və proses bitməyincə ofis qapalı qalacaq.
Qısası, məhkəmə Abutalıbovun oğlunun əleyhinə qərar çıxarıb ki, bu da əslində xeyli gözlənilməz sayıla bilər. Məsələ burasındadır ki, indiyədək bu mübahisəli məsələ ətrafında məhkəmə çəkişmələri bir qayda olaraq İsrafil Abutalıbovun istədiyi istiqamətdə cərəyan edir, qərarlar onun lehinə çıxarılırdı. Baxmayaraq ki, iş adamı ilə mer oğlu arasındakı qovğada məhz birinci tərəfin haqlı olduğu aydın idi.
Amma belə görünür, ölkə başçısının 12 fevraldakı məlum konfransda bəzi məmur övladlarını hədəf alaraq, söylədiyi kəskin fikirlər və etdiyi sərt xəbərdarlıqlar artıq sözünü deməyə başlayıb. Prezidentin çıxışındakı bu məqamların ilk zərbəsinin isə Hacıbala Abutalıbova və oğluna dəydiyini söyləmək mümkündür.
Xatırladaq ki, fevralın 12-də prezidentin sədrliyi ilə "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda ölkə başçısı həddini aşan bəzi məmur uşaqları ilə bağlı kəskin danışıb. Dövlət rəhbəri vəzifəli şəxslərin ailə üzvlərini də cəmiyyətdə bərqarar olmuş yüksək ali dəyərləri qorumağa dəvət edərək, son dövrlərdə avtomobillərdə görüntünü məhdudlaşdıran avadanlıqların tətbiqinin, avtoxuliqanlıq hallarının yolverilməz olduğunu deyib, bunun qarşısının qətiyyətlə alınmasına, əks təqdirdə cəza tədbirlərinin sərtləşdiriləcəyinə dair son xəbərdarlığını edib: "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də çıxardacağam lazım bildikdə. Əgər bilsəm ki, bir də kiminsə ailə üzvü hardasa xuliqanlıq edib, nadanlıq edib, özünü apara bilmir o adam həbs ediləcək, atası işdən qovulacaq".
Bu sərt xəbərdarlığın ardınca mətbuatda bir çox məmur övladları və onların vəzifəli valideynləri ilə bağlı gözlənilən təhlükə haqqında yazılıb-pozulmağa başladı. Belə bir vaxtda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun indiyədək haqqında çeşidli qalmaqallı xəbərlər yayılan oğlu İsrafil Abutalıbov əleyhinə məhkəmə qərarının çıxması düşündürücüdür.
Elə adının çəkilməsini istəməyən mənbə də bizimlə söhbətində məlum qərarı Abutalıbovlara iqtidar içindən bir mesaj sayır: «Bununla paytaxt merinə ismarıc göndərilmiş oldu ki, bir daha özü və oğlunun adı hansısa qanunsuzluq hallarında keçməsin. Əks təqdirdə, ölkə başçısının sərt xəbərdarlığında vurğulandığı kimi, paytaxtın icra başçısını karyerasının sonu ilə üzləşmək təhlükəsi gözləyə bilər».
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35