İsmət Abbasova həbs şoku
11:12 28-02-2013
İQTİSADİYYAT
Kənd təsərrüfatı naziri ətrafında həlqəni daraldırlar
Dünən Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Bu məlumat daha çox kənd təsərrüfatı naziri İsmət Abbasovu düşündürməlidir. Niyə? Bunu bir qədər sonra yazacağıq. Hələliksə gəlin, əvvəlcə məlumatın özü ilə tanış olaq.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, son günlər baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən vəzifəsindən sui-istifadə edən şəxslərin müəyyən edilərək, ifşa olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin rəisi Alim Zeynalov, idarənin rəis müavini Səyyad Cəfərovla qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətə, yəni vətəndaşın barəsində tərtib olunmuş aktın ləğv edilərək tədbir görülməməsi üçün 2.000 (iki min) manat məbləğində rüşvət tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 20-də rayon Baytarlıq idarəsinin inzibati binasında A.Zeynalov xidməti otağında Ağcabədi rayon sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
A.Zeynalov və S.Cəfərov Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlumatın içində də qeyd olunduğu kimi, Dövlət Baytarlıq Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən bir qurumdur. Deməli, Bərdədə bu qurumun idarə rəisi kimi yüksək vəzifəli şəxsinin həbsi kənd təsərrüfatı naziri İsmət Abbasovu qayğılandırmaya bilməz. Necə olmasa da, indiyədək onun vəzifəli işçiləri arasında korrupsiya, rüşvət faktlarına görə həbs edilənlər olmurdu. Əgər Bərdədə idarə rəisinin həbsinə bir başlanğıc kimi baxsaq, onda proseslərin İsmət Abbasov üçün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla bağlı baş verənlər istiqamətində inkişafını proqnozlaşdırmaq mümkündür.
Məlumdur ki, Ələkbərovun vəzifəli işçilərinin həbsi artıq adi hal alıb; bu halın kənd təsərrüfatı naziri üçün də adiləşməsi tamamilə gözləniləndir. Bunun isə sadə bir səbəbi var: ölkə mətbuatı aqrar sektoru ən korrupsiyalaşmış sahələrdən biri
hesab edir, İsmət Abbasovun nazirliyinin həm özü, həm də əlaqədar qurumları - Dövlət Baytarlıq Xidməti, «Aqrolizinq» və digər strukturları ilə bağlı olaraq, davamlı şəkildə dövlət vəsaitlərinin xərclənməsində qeyri-təyinatlılıq və qeyri-şəffaflıq barədə iddialar səsləndirilir, onlar büdcədən fermerlərə ayrılan subsidiyaların mənimsənilməsindən tutmuş başqa digər maxinasiya məzmunlu əməllərə görə tənqid edilirlər.
Uzağa getməyək, elə fevralın 12-də ölkə başçısının sədrliyi ilə keçirilən konfransda istər subsidiyaların ünvanlarıvna çatdırılması, istər alınan kənd təsərrüfatı ləvazimatlarının qiymətlərinin şişirdilməsi barədə açıq tənqidlər səsləndirildi və bunu İsmət Abbasovun nazirliyinə bir xəbərdarlıq kimi də qəbul etmək tamamilə mümkündür. Yəni, açıq şəkildə bildirildi ki, kənd təsərrüfatı sahəsində rüşvət və korrupsiyanın varlığından ən yuxarı dairələr kifayət qədər məlumatlıdırlar. Bu isə əgər belə davam edərsə, kənd təsərrüfatı «şef»inin nazir kimi karyerasına son qoyulacağı günün uzaqda olmadığını əminliklə söyləmək mümkündür.
Dünənki məlum həbs xəbərini isə artıq bu istiqamətdə ilk həmlə saymaq olar. Gözləniləndir ki, işçiləri lap Füzuli Ələkbərovun vəzifəli əməkdaşları kimi həbs təhlükəsi ilə üz-üzə qalacaq kənd təsərrüfatı naziri sonda tamamilə «ofsayd» vəziyyətinə salınsın və onun xüsusilə, payızdakı prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdə indiki postunu qoruması mümkün olmasın. Hətta Abbasovun seçkiyədək də görəvini itirməsi və daha ağır formada cəzalandırılması da istisna deyil.
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07