Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilk olaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Etibar Eyyub oğluna baş çəkib.

"Unikal" xəbər verir ki, E.Əliyevin müayinə və müalicəsi ilə maraqlanan şəhər rəhbəri, onunla söhbət edib. İcra başçısı Vətən müharibəsi iştirakçısını narahat edən məsələlərin aradan qaldırılması və müvafiq köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib. 

Xatırladaq ki, Əliyev Etibar Eyyub oğlu bir neçə gün əvvəl Niyazi Bayramovun qəbulunda olmuş, onunla geniş söhbət aparılmış, müayinə və müalicəsinin davam etdirilməsi üçün o, Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. 
 
Niyazi Bayramov daha sonra Gəncə şəhər Kardioloji Xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Kamal Telman oğlunu ziyarət edib. Şəhər rəhbərinə məlumat verilib ki, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alan K.Əliyev ötən gün Gəncə şəhər Kardioloji Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti normaldır. Niyazi Bayramov xəstə yaxınları ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb. K.Əliyev ona göstərilən diqqətə görə dövlətimizə və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.