Xəbər verdiyimiz kimi, Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. DGK-nin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Ş.Bağırova həvalə edilib.
"Unikal" Şahin Bağırovun dosyesini təqdim edir:
12 yanvar 1965-ci ildə anadan olan Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.
2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunub. Prezident İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib.
Ş.Bağırov DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb, Xidmətin Aparat rəhbəri vəzifəsini icra edib.
Murad İbrahimli