Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Komitədən "Unikal"a verilən məlumata görə, Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.
Məcburi köçkünlərin doğma yurda - işğaldan azad edilmiş ərazilərə qayıdışının başlandığı məmnunluq hissi ilə qeyd edilib. Bildirilib ki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə bu gün Bakıdan ilk köç karvanı yola salınıb. İlkin mərhələdə komitə tərəfindən kəndə 41 məcburi köçkün ailəsi yerləşdirilir. Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.