Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 20 iyul 2022-ci il tarixində Sumqayıt şəhərində yerləşən Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən İcra başçısı bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq davam etdirildiyini bildirərək çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırıb.
Qəbul zamanı 13 məsələ qaldırılıb. Həmin məsələlərdən 8-i yerində həll olunub, 5-i isə baxılması üçün nəzarətə götürülüb. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda RİH başçısının C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin müəllim kollektivi ilə də görüşü keçirilib. Görüşdə müəllimlərin fikirləri dinlənilib. Müəllim kollektivi həm məcburi köçkün dövründə onlara tədris üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə həm də işğaldan azad olunmuş rayonumuzda qısa müddətdə görülmüş işlərə görə Ölkə başçısına və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.