20 iyul 2022-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətin inzibati binasında Şükür Bərxudarovun anadan olmasının 80 illik yubileyi münasibətilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov böyük məmnunluq hissi ilə Şükür Bərxudarovu 80 illik yubileyi münasibətilə öz adından və rayon ictimaiyyəti adından səmimi qəlbdən təbrik edərək vurğulayıb ki, hər bir insan ömründə taleyin bəxş etdiyi şirinli-acılı çalarlar, asanlı-çətinli məqamlar az olmur. Lakin bütövlükdə götürdükdə ömrün dəyəri insanın ailəyə, el-obaya, cəmiyyətə, vətənə və xalqa verdiyi töhfə ilə müəyyənləşir. Bu mənada Şükür Bərxudarov ömrünün 80 ilini şərəflə yaşamış və ömür kitabının hər səhifəsini qürurla, iftixarla çevirə, ötən günləri, ayları, illəri məmnunluqla xatırlaya bilər. Şükür Bərxudarov həm də gözəl ailə başçısı, qayğıkeş ata, mehriban babadır. Boya-başa çatdırdığı övladları onun yolunu, ailə ənənələrini qürurla davam etdirir. Övladlarını vətənə məhəbbət ruhunda tərbiyə etməyinin nəticəsidir ki, yenilməz Azərbaycan Ordusu sıralarında xidmət edən, Vətən müharibəsində hərbi Birlik Komandiri kimi döyüşlərin ön cərgəsində olan oğlu general-mayor Mayis Bərxudarovdur.
Daim ön cəbhədə, döyüş xəttində xidmətdə olan Mayis Bərxudarovu 1998-ci ildə Ulu öndər Heydər Əliyev şəxsən özü “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.
2016-cı ilin Aprel döyüşlərində vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirərək, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə düşmənə qan udduran Mayis Bərxudarova göstərdiyi hərbi şücaətə və igidliyə, Lələtəpənin düşməndən azad edilməsinə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən general-mayor hərbi rütbəsi verilib. Bu, son 20 ildə ilk dəfə olaraq bilavasitə döyüşlərdə göstərilən igidliyə, şücaətə görə verilən general rütbəsidir.
44 günlük Vətən müharibəsi dövründə də ağır döyüşlərdə yüksək general peşəkarlığı göstərən Mayis Bərxudarovun Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasında müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, bu igid general Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə, eləcə də Şuşanın, Xocavəndin, Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azad edilməsinə görə döyüş medalları ilə təltif olunub. Mais Barxudarovla nəinki Qubadlı rayon camaatı, bütün Azərbaycan xalqı qürur duyur. Bu gün də Şükür Bərxudarov hər zaman olduğu kimi gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsində əlindən gələni əsirgəmir.
80 illik yubileyi münasibəti ilə cənab başçı Şükür Barxudarovu bir daha ürəkdən təbrik edib, möhkəm can sağlığı arzulayıb. Sonra Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yubliyara Rayon İcra Hakimiyyətinin təbriki və hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Şükür Paşa oğlu Bərxudarov 1 iyul 1942-ci ildə təmiz dağ çeşmlərindən mənbəyini götürən Bərgüşad və Ağa çaylarının geniş, gözəl mənzərəli vadisində yerləşən Dəmirçilər kəndində sadə, zəhmətkeş kəndli ailəsində anadan olub. Xarakterinin ilk cizgiləri halal zəhmətlə dolanan valideynlərinin saf övlad məhəbbəti, doğma yurdun təmiz havası və suyunun, gözəl, bəzən də sərt təbiətinin təsiri ilə formalaşıb. 1948-1958-ci illərdə Dəmirçilər kənd orta məktəbində təhsil almış, 1960-cı ildən 1993-cü ilə qədər Qubadlı rayon Məişət Xidmət Kombinatında işləyib. Rayonun yaşlı nəsli Qubadlının sosial-iqtisadi, mədəni inkişafında Şükür Bərxudarovun xidmətləri yaxşı xatırlayır və yüksək qiymətləndirirlər.