97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Milli Onkologiya Mərkəzində cərrahiyə əməliyyatı olunan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi ziyarət edib.
"Unikal" xəbər verir ki, Mərkəzin rəhbərliyinin və Milli Qəhrəmanın ailə üzvlərinin iştirakı ilə keçən görüşdə millət vəkilli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xüsusi xidmətləri olan müharibə iştirakçıları dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub, onların sağlamlığının qorunması, eləcə də sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində saxlanılır.
Səmimi söhbət əsnasında Maşallah Abdullayevin Birinci Qarabağ müharibəsindəki şərəfli döyüş yolu xatırlanıb və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi məmnunluqla qeyd olunub. Ağalar Vəliyev Milli Qəhrəmanın səhhəti, əməliyyatdan sonrakı müalicəsinin gedişatı ilə maraqlanıb, mənəvi dəstəyini bildirərək ona şəfa diləyib və maliyyə yardımı çatdırıb.
Maşallah Abdullayev və ailə üzvləri göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.