Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şiləvar inzibati ərazi dairəsinə daxil olan Şilavar və Digah kəndlərinin sakinləri ilə keçirdiyi görüş də eyni məqsədə xidmət edib.
"Unikal" xəbər verir ki, görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Vətənin azadlığı uğrunda canından keçən ölümsüz qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəran ŞİH-nin başçısı bildirib ki, səyyar qəbul-görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Taleh Qaraşov ənənəvi olaraq öncə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarını dinləyib, onların qaldırdıqları şəxsi və ümumi məsələlərin həllinə dair yerindəcə tapşırıq və tövsiyələrini verib. İcra başçısı dövlətin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqətdən danışaraq bildirib ki, sözügedən məsələ birbaşa ölkə başçısı cənab İlham Əliyevin nəzarətindədir.
Yerli sakinlərin qayğı və problemlərini dinləyən T.Qaraşov qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını və hər birinin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini vurğulayıb. Qeyd edək ki, İcra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlər yerindəcə həllini tapıb. Kənd camaatı da rayon rəhbərliyi ilə birbaşa dialoq qurmaqdan məmnun olduqlarını, habelə qaldırdıqları məsələlərin həllinə operativ və nəticəyə yönəlik addımların atılmasından ötrü təşəkkürlərini bildiriblər. Yerli insanlar Lənkəranda görülən işlərin, həyata keçirilən sosial layihələrin digər rayonlar üçün nümunə təşkil etdiyini və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.