Hesablama Palatasında media təmsilçilərinin iştirak ilə Azərbaycan milli mətbuatının yaranmasının 147 illiyinə həsr olunmuş “Hesablama Palatasının fəaliyyətinin ictimaiyyətə çatdırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, ilk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə Milli Mətbuatın yaranma və inkişaf tarixinə nəzər salınıb, ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərməsindən, həmçinin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən bəhs olunub.
Həmçinin tədbirdə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf və tərəqqi əldə edilməsi vurğulanıb.
Daha sonra Hesablama Palatasının fəaliyyəti və cari ilin 6 ayı ərzində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilməklə müvafiq təqdimatlar keçirilib, media qurumları ilə işin peşəkar səviyyədə qurulmasından bəhs edilib.
Qeyd olunub ki, media nümayəndələri və ictimaiyyət Palatanın gördüyü işlər barədə məlumatları qurumun rəsmi internet səhifəsindən və sosial mediadakı hesablarından daha operativ şəkildə əldə edə bilərlər.
Sonda məlumatların peşəkar səviyyədə hazırlanması və əlçatanlığın təmin olunmasına görə media nümayəndələrinə minnətdarlıq edilib.