Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Agentlikdən "Unikal"a verilən xəbərə görə, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin istehsal olunan çörəklərin üzərində məhsula dair markalanmanın mövcud olmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.