"Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri inşa etməsi birmənalı olaraq Azərbaycana qarşı ərazi iddiaları mənasına gəlir".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, əvvəllər də belə iddialar intensiv şəkildə həyata keçirilib.
"Bunun müharibə zamanı nə ilə nəticələndiyini beynəlxalq ictimaiyyət müşahidə etdi. Görünən odur ki, erməni silahlıları və onları himayə edən Rusiya sülhməramlı qüvvələri həm müharibə, həm də ondan sonrakı müddətdə baş verənlərdən hələ də özləri üçün doğru nəticə çıxarmayıblar. Məlum ərazidə döyüş mövqeyi inşa edənlər isə hərbi sahədən heç də geniş məlumatlı deyillər. Tam müşahidə altında və aşağı yüksəklikdə mövqelərin inşa edilməsi yaxşı ideya deyil. Bu mövqeləri döyüşün ilk dəqiqələrində darmadağın etmək Azərbaycan Ordusu üçün heç bir problem təşkil etmir".
Qeyd edək ki, bu günlərdə Ermənistan silahlı qüvvələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə tikinti işləri həyata keçirməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə xəbərdarlıq atəşi açıb və bütün qabaqlayıcı tədbirlər görülüb. Bu xüsusda, Rusiya sülhməramlı kontingentinin komandanlığı məsələ ilə bağlı məlumatlandırılıb.
Anar Kəlbiyev