Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Abidənin önündə xatirə fotosu çəkdirilib.
Sonra ulu öndər Heydər Əliyevin, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan zəngin dövlətçilik tarixinə və ictimai-siyasi ənənələrə malikdir. Onun sözlərinə görə, çoxəsrlik tariximizin tədqiq olunması, öyrənilməsi və təbliği bütün dövrlərdə qarşıda duran mühüm vəzifələrdən biri olub: “Bu işin həyata keçirilməsində - belə bir milli vəzifənin yerinə yetirilməsində Azərbaycan mətbuatının özünəməxsus rolu və payı var. Sevindirici haldır ki, bu gün əsasının qoyulmasının 147-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib. Dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti həmin dönəmin aktual məsələlərini – insanları düşündürən problemləri, çağın mütərəqqi ideyalarını və fərqli baxışlarını öz səhifələrində geniş əks etdirmişdir. Cəmiyyətin güzgüsünə çevrilən “Əkinçi” xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində müstəsna rol oynamaqla yanaşı, günümüzdə də dəyərli və aktual olan mətbuat ənənəsi formalaşdırıb. Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni dönəm – inkişaf mərhələsi başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi nəticəsində Azərbaycan mediası milli maraqların qorunması, cəmiyyətin siyasi-ideoloji hazırlığının gücləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin ictimaiyyətə çatdırılması üçün önəmli işlər görmüşdür. Mətbuat üzərində senzuranın ləğv edilməsi, qanunvericilik bazasının yaradılması, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi isə medianın imkanlarının genişlənməsini təmin edib”.
Tahir Budaqov diqqətə çatdırıb ki, Heydər Əliyevin siyasi mirası olan, Ümummilli Liderimizin ideyaları əsasında fəaliyyətini uğurla davam etdirən, Prezident İlham Əliyevin sədrliyi ilə möhtəşəm nailiyyətlər qazanan, Azərbaycanın dayanıqlı inkişafına önəmli töhfələr verən Yeni Azərbaycan Partiyası da media ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Sonda KİV nümayəndələrinə mükafatlar təqdim olunub.