İyulun 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin akt zalında Milli Mətbuat gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə yerli jurnalistlərlə yanaşı, ölkənin ayrı-ayrı kütləvi-informasiya vasitələrinin və televiziya kanallarının cənub bölgəsində təmsil olunan əməkdaşları iştirak ediblər.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, Milli Mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan söz açaraq mətbuatın bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğun söyləyib.
İcra başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatımızın üzləşdiyi bir sıra problemlərin həlli istiqamətində vacib addımlar atıldı, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olundu, senzuranın ləğvi isə milli mətbuatımızın inkişaf etməsinə böyük təkan verdi.
Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də hər il milli mətbuatımızın ad gününün təntənə ilə keçirilməsini ənənəyə çevirib. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının ptioritet istiqamətlərindəndir.
Tədbir iştirakçıları adından çıxış edən “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək göstərildiyini diqqətə çatdırdı və bütün bunlara görə cənab Prezident Ilham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yerli media nümayəndələri adından minnətdarlığını bildirdi. Sonda jurnalistlərlə xatirə şəkli çəkdirildi.