Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə iyulun 6-7-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Bu barədə "Unikal"a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) Ağsu rayon Musabəyli kənd orta məktəbinin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni (388.2 bal) Ağdam rayon 89 saylı orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.