Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumu və təkrar əkinlərinin aparılması prosesi davam edir. İyulun 23-dək ölkə üzrə 430 min hektar sahədə yay şumu aparılıb, 30 min hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.
"Unikal" xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb.
Tədbirdə bir neçə əməliyyatı, eyni zamanda, aparmağa imkan verən yeni aqreqatlardan istifadənin əhəmiyyətinə toxunulub. Tədbir iştirakçılarına innovativ becərmə texnologiyaları - şum aparılması, reperləmə, torpağın ağır diskli mala ilə üzlənməsi və təkrar əkin prosesi əyani nümayiş olunub.
Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalandığını xatırladan nazir İnam Kərimov qeyd edib ki, yeni qərar ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq: “Bildiyiniz kimi, bütün dünya ölkələrində, qlobal səviyyədə ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risklərin qarşısının alınması üçün Azərbaycan Prezidenti tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafiq Fərman imzalanıb. Bu Fərmana əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Yəni, fermerlərimiz bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək. Üçüncü üstünlük isə ondan ibarətdir ki, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunacaq. Hesab edirik ki, bu Fərman ərzaqlıq buğdanın istehsalına mühüm töhfələr verəcək. Kənd Təsərrüfatı Nazirliyi digər dövlət qurumları ilə birlikdə ərzaqlı buğda istehsalını artırmaq üçün fermerlərimiz arasında təşviq tədbirləri həyata keçirəcək”.
Daha sonra nazir İnam Kərimov Bərdə rayonunun Mehdili kəndində pambıq sahəsinə, intensiv meyvə bağına, Mirzəcəfərli kəndində heyvandarlıq kompleksinə baxış keçirib, fermerlərlə görüşüb.
Fermerlər məhsul yığımına hazırlıq prosesi, satışın təşkili, emal imkanları barədə məlumat veriblər. Görüşlərdə pambıq sahələrində, bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.