Bu gün Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən rayonlarda baş verən qanun pozuntularından danışıb.
"Unikal"ın məlumatına görə, İlham Əliyev bildirib ki, bütün ərazilərdə müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır:
"Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.
Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır", - deyə Prezident əlavə edib.
Qeyd edək ki, sözügedən qanun pozuntuları Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın, Xəzər rayonunun keçmiş icra başçısı Gülağa İslamovun və Sabunçunun hazırkı icra başçısı Adil Vəliyevin dövrlərində baş verib. Belə ki, Abşeron rayonununda Görədil, Fatmayı, Saray və Masazır, Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində, Sabunçu rayonunun Maştağa, Zabrat və Sovxoz Ramana qəsəbələrindəki kənd təsərrüfatı təyinatlı torpaqlar satılıb.