“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi elan olunubdur.
"Unikal" xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi elan olunubdur. Təşkilatımızın həyata keçirəcəyi layihə “Zəfər” Yay Məktəbi adlanır. Məktəbli şəhid övladları yay məktəbində 4 peşə istiqamətində - musiqi, fotoqrafiya, rəssamlıq və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdirəcək, davamlı təlimlərə cəlb olunacaqlar.
Təşkilatın ofisində baş tutan layihənin hazırlıq iclasında Bakı şəhərində təlimləri həyata keçirəcək peşəkar təlimçilərlə, texniki heyətlə görüş keçirilib, qarşıda duran məqsəd və vəzifələr müzakirə edilib, iş bölgüsü aparılıb. Şəhid övladlarının bacarığını və maraq dünyasını nəzərə alaraq cəlb olunduğu təlimlər sahəyə uyğun olaraq emalatxanalarda həyata keçiriləcək. Hər istiqamət üzrə ayrılıqda 8 təlim keçirilməsi nəzərdə tutulub. Ümumilikdə 32 təlim olmaqla, hər peşə qrupunda 8 şəhid övladı iştirak edəcək. Şəhid övladları təlimlər nəticəsində əldə etdikləri naliyyət və bacarıqlarını sentyabr ayının əvvəlində Şuşa şəhərində keçiriləcək Yay məktəbinin iki günlük bağlanış mərasimində nümayiş etdirəcəklər. Şəhid övladları Şuşaya öz ideyaları, bacarıqları və düşüncələri ilə gedəcəklər.
Hazırlıq iclasında “Zəfər” İB-nin sədri Sevinc Alızadə layihənin məqsəd və qarşıya qoyulan vəzifələrdən söz açaraq bildirib ki, müsabiqədə uğur qazanmaq məsuliyyətimizi ikiqat artırır, çünki Şuşanın Azərbaycan və Türk dünyasının mədəni və mənəvi irsinin daşıyıcısı olması, şəhid qəhrəmanlarımızın fədakarlığını və şücaətini özündə əks etdirməsi üzərimizdə böyük məsuliyyət yaradır. Təlimlərdə əldə olunan nailiyyətlərin Şuşa şəhərində təqdim olunması şəhid övladlarına da böyük məsuliyyət yaratmaqla yanaşı, qürur hissi yaşadacaq.