Lənkəranda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb.
"Unikal" xəbər verir ki, iyulun 25-də Şağlaküçə kəndində Vətən münahibəsi şəhidi Qurbanzadə Ayxan Fariz oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.
Bulağın açılış lentini Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhidin atası Qurbanov Farizlə birgə kəsib. Dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra ŞİH başçısı T.Qaraşov çıxış edib. Bulağın açılış mərasiminin şəhidimizin doğum gününə təsadüf etdiyini qeyd edən İcra başçısı bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər barədə danışan T.Qaraşov haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daima irəli getmək əzmində olanların çoxunun məhz gənc nəslin nümayəndələri olduğunu vurğulayıb. Qəhrəman övladlarının yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan İcra başçısı şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib. T.Qaraşov hər zaman şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının qayğı və diqqətlə əhatə olunduğunu qeyd edib. İcra başçısı çıxışında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində də mütəmadi şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.
Şəhidin atası Qurbanov Fariz oğlunun şəhidlik zirvəsinə ucalmasıyla bütün Azərbaycan xalqının qəlbində özünə yer etdiyini deyib. Şəhid atası yerli İcra hakimiyyətinə və kənd camaatına onları yalnız saxlamadıqları üçün təşəkkürünü bildirib.
F.Qurbanov dövlət başçısı cənab Ilham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri qayğı və diqqətdən razılığını ifadə edib, minnətdarlığını qeyd edib. Qeyd edək ki, şəhidimiz əbədiyyətə qovuşandan sonra ölkə başçısının müvafiq sərəncamları ilə döyüşlər zamanı göstərdiyi rəşadət və igidliyə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.
Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib və musiqi ifa olunub. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.