Bu gün iki rayonda "Azəriqaz" İB “Açıq mikrofon” aksiyası keçirib.
"Unikal" xəbər verir ki, ilk tədbir Ağcabədi rayonun Qaraxanlı kəndində baş tutub. Kənd sakinləri və şəhid ailələri mikrofonun qarşısına keçərək yaşayış məntəqəsinin təbii qazla təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər. Aksiyada Birlik rəsmiləri Azay Quliyev və Vüqar Səmədov müraciətlərin hər birinin "Azəriqaz" İB-nin rəhbərliyinə çatdırılacağını sakinlərin diqqətinə çatdırıblar. Sakinlər və şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, adı çəkilən kənd 44 günlük Vətən müharibəsində 4 şəhid verib.
İkinci "Səyyar qəbul otağı" isə Xaçmaz rayonunda qurulub. Xaçmaz Regional qaz istismarı İdarəsinin məsul şəxsləri vətəndaşların müraciətlərini dinləyərək qeydiyyata alıblar. Aksiyada iştirak edən sahibkarlar, eləcə də rayonun digər sakinləri bəzi hallarda qazın təzyiqinin aşağı olması, fərdi qazlaşma və s. məsələlərlə bağlı öz təklif və iradlarını bildiriblər.
Xatırladaq ki hər iki aksiyada qeydiyyata alınan müraciətlər Birliyin baş direktoruna çatdırılacaq və rəhbərliyin tapşırığına uyğun olaraq lazimi tədbirlər görüləcək.