Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə hərtərəfli addımlardan biri əməkhaqqı sahəsində islahat olub.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.
"Dövlət bu islahat çərçivəsində özəl qeyri-neft sektorunun işçilərinin gəlirlərinin yeddi il müddətinə gəlir vergisindən azad edilməsi barədə qərar qəbul edib. Bu qərar işəgötürənlər və işçilər arasında şəffaflıq və hesabatlılığn yüksəlməsinə xidmət edib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə sistemli addımlardan biri də onlayn kassaların tətbiqi və paralel olaraq "ƏDV geri al" proqramının işə salınmasıdır.
"2022-ci ilin birinci yarısında qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artıb. Ümumilikdə 2022-ci ilin birinci yarısında qeyri-neft sektorundan vergi daxilolmaları 2017-2018-ci illərin vergi daxilolmaları həcminə bərabərdir. Bu, həmin istiqamətdə görülən işlərin həcmini göstərir", - M.Cabbarov deyib.