Biləsuvar rayonunda 39 min hektara yaxın əkin sahəsi suvarılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Biləsuvar Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən 38900 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. Sahələrin 20422 hektarı nasoslar vasitəsilə, 18487 hektarı isə öz axını ilə həyata keçirilir. Son illər əkin dövriyyəsinə əlavə torpaqlar cəlb edilməsi nəticəsində əkin sahələri genişlənərək 57216 hektara çatıb. Əkin sahələrinin suvarılması üçün Cənubi-Muğan kanalı, Arazın yeni qolu və qismən Bolqarçay su anbarından istifadə olunur. 2022-ci ilin 6 ayı ərzində Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılmasına xidmət edən 2 nömrəli və 10-A nömrəli nasos stansiyalar yeni tipli məhsuldar qurğularla təhciz olunub. Bu da suvarma işlərinin yaxşılaşdırılması və suyun vaxtında və itkisiz su istifadəçilərinə çatdırılmasını təmin edir. Suvarmanı daha da yaxşılaşdırmaq üçün daha 3 ədəd 34, 101, Günəşli-1 nömrəli nasos stansiyaların elektrik iş rejiminə keçirilməsi və R-1 təsərrüfatlararası torpaq məcralı suvarma kanalının beton üzlüyə alınması işləri davam etdirilir.
İdarə tərəfindən bu il əkin sahələrinin suvarılmasına xidmət edən baş kanalların çəkilməsi davam etdirilib. Belə ki, kəndlər üzrə 633 km baş suvarma kanalı və 243 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalı lildən təmizlənərək mülkiyyətçilərin istifadəsinə verilib. Ümumilikdə 876 km suvarma kanallarında lildən təmizləmə işləri aparılıb.
Bildirək ki, Biləsuvar rayonunda 2022-ci təsərüfat ilində 24440 ha taxıl, 6440 ha pambıq, 6580 ha yonca, 833 ha bostan-tərəvəz, 137 ha günəbaxan, 1365 ha qarğıdalı və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilərək və suvarılması həyata keçirilib.