Qazax rayonunda əkin sahələrinin suvarılması davam edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18911 hektar torpaq sahələrinin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması üçün beş mənbədən Ağstafaçay, Coğaz çay, İncə su çay, Kür, Xram çayı və su anbarlarından su götürülür. Suvarılan sahələrin 7103 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsi ilə,11808 hektarı isə açıq kanallar vasitəsi ilə öz axımı ilə suvarılır. İdarə tərəfindən əkin sahələrinin suvarılması prosesini daha intensiv və səmərəli aparmaq üçün mütəmadi olaraq suvarma kanallarında lildən təmizlənmə işləri davam etdirilir. Hazırda texnikaların köməyi ilə uzunluğu 8 km olan Yuxarı Salahlı Nasos arxında bu işlər davam etdirilir.
Qazax Suvarma Sistemləri İdarəsinin balansında 21 ədəd nasos stansiyası var. Hazırda həmin nasos stansiyalardan 19 ədədi işlək vəziyyətdədir və fəaliyyət göstərir. Bundan başqa idarənin balansında olan 205 ədəd subartezian quyusundan da istifadə olunur. Subartezian quyuları vasitəsi ilə 587 ha həyətyanı və pay torpaq sahələri suvarılır, eyni zamanda məişət suyu kimi də istifadə edilir. Hazırda mövsümə uyğun olaraq arx və kanallarda, hidrotexniki qurğularda, nasos stansiyalarda cari təmir işləri aparılır. Qazax rayonunda bu mövsüm əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması normaya uyğun olaraq aparılıb və hazırda da davam edir. Fermerlər bu il rayonda əkilən kartof bitkisindən yüksək məhsuldarlıq gözləyirlər. Sahələrə vaxtında verilən su bunu deməyə əsas verir.
Qeyd edək ki, Qazax Suvarma Sistemləri İdarəsi tərəfindən 17 ədəd hidrotexniki qurğularda, 38 ədəd subartezian quyularında və 2,9 km beton kanallarda cari təmir işləri aparılıb və işlər davam edir.