Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.