Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Əli Əliyev sonuncu dəfə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Xatırladaq ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim videosu yayıldığına görə YAP-dan kənarlaşdırılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.