Təhsilverənlərin sertifikatlaşması ərəfəsində Təhsil İnstitutu tərəfindən müəllimlərə dəstək məqsədilə faydalı materiallar paylaşılıb, 6000 nəfərdən çox müəllimlə canlı maarifləndirici görüşlər keçirilib, 70-dən çox vebinar təşkil olunub.
“Unikal” xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüşlərdə ibtidai sinif müəllimləri ilə sertifikatlaşma imtahanı ilə bağlı geniş müzakirələr aparılıb. Təhsil İnstitutunda aparılan müzakirələr nəticəsində sertifikatlaşma imtahanı ilə bağlı aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:
Sual nümunələri təqdim etmək;
Ödənişsiz sınaq imtahanı təşkil etmək;
İmtahanda ixtisasa dair sual sayının 50, metodika və pedaqogikaya dair sual sayının 10 olmasını təmin etmək.
Nəzərdə tutulan 50 ixtisas sualının fənlər üzrə bölgüsü bərabərdir, yəni Azərbaycan dili fənnindən 25, riyaziyyat fənnindən 25 sual təqdim olunması nəzərdə tutulub. İxtisas fənləri üzrə sual sayı artsa da, çətinlik dərəcəsi dəyişdirilməyib. Metodika və pedaqogikaya dair praktik məsələlər müsahibə mərhələsində də ölçüldüyünə görə imtahanın birinci mərhələsində sual sayının 10-a endirilməsi məqsədəuyğun hesab edilib.
Nəzərinizə çatdırırıq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə sınaq imtahanı 18 avqust 2022-ci il tarixində saat 10:00-dan 18:00-dək "Virtual məktəb" platforması üzərindən keçiriləcək. Sınaq imtahanında namizədlərə ixtisasa aid 50, metodika və pedaqogikaya dair 10 test tapşırığı təqdim olunacaq. İbtidai sinif müəllimləri "Virtual məktəb" platformasında öz hesablarına daxil olmaqla sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanında hər müəllim yalnız 1 dəfə iştirak edə bilər.
İmtahanda iştirakla bağlı təlimatla buradan tanış ola bilərsiniz.