“Bulaq inşa etmək təkcə şəhidlərimizin adının əbədiləşdirilməsi deyil, eyni zamanda, nəcib və xeyirxah əməllərdəndir ki, bizə ata-babalarımızdan miras qalıb. Bulaqdan su içən insan hər zaman şəhidlərimizin ruhuna dualar oxuyacaq və onları xatırlayacaq”.
"Unikal" xəbər verir ki, bu sözləri avqustun 24-də Lənkəran rayonunda anadan olan şəhid İmaməli Əhədzadə Şəvəqqət oğlunun doğum gününə və xatirəsinə inşa edilən bulağın açılışına həsr olunan tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov deyib.
Dövlət himninin səslənməsindən sonra müstəqilliyimizin bərpası, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüz, sərhədlərimizin toxunulmazlığı və suveren hüquqlarımızın təmin edilməsi yolunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov xatirə bulağının açılış lentini şəhid anası Rəsmiyyə Şükürova ilə birgə kəsib. Azərbaycan xalqının və dövlətinin var olduğu müddətcə şəhidlərimizin unudulmayacağını və daim ehtiramla yad olunacağını qeyd edən Taleh Qaraşov bildirib ki, hər birimizin mənəvi borcudur ki, şəhid ailələrinə diqqət göstərək: "Vətənə olan sevginin zirvəsində olan şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirələrinin yad olunması hər zaman dövlətin diqqətindədir.
Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələyə olduqca həssas yanaşırlar". İcra başçısı cəmiyyətdə şəhid ailələrinə olan xüsusi diqqət və hörmətdən danışaraq deyib ki, məhz qəhrəman valideynlər övladlarına Vətən sevgisini aşılayıblar. Xalqın hər bir fərdi də şəhidlərimizi öz doğması, ailə üzvü olaraq qəbul edir, şəhid valideylərinin ağrı və acısını onlarla birgə yaşayır, hiss edir. “Bütün bunlar isə xalqın birliyinin, vəhdətinin, eyni zamanda, xalqa hakimiyyətin bütövlüyünün təzahürüdür” deyən Taleh Qaraşov sözügedən birliyin vacibliyindən danışıb. Onun sözlərinə görə, Vətən müharibəsindəki Zəfərin məhək daşını məhz xalqın və xalqla hakimiyyətin birliyi təşkil edib. Şəhid atası Şəvəqqət Əhədov və şəhid anası Rəsmiyyə Şükürova çıxışlarında bildiriblər ki, övladlarının xatirəsinin əziz tutulması və adının əbədiləşdirilməsi hər zaman rayon rəhbərliyinin şəxsi nəzarətində olub. Eyni zamanda, qaldırdıqları istənilən məsələyə həssaslıqla yanaşılıb, həlli üçün bütün imkanlar səfərbər olunub. Şəhid valideynləri yerlərdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib. Tədbirdən sonra Lənkəran ŞİH tərəfindən şəhid ailələri və ictimaiyyət nümayəndələri üçün Şiləvar qəbiristanlığındakı şəhidlərimizin məzarlarını ziyarət etmək üçün xüsusi nəqliyyat vasitələri təşkil edilib. İcra başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri şəhidlərin məzarlarını ziyarət ediblər, önünə tər çiçəklər düzüblər, ruhlarına dualar ediblər.
Qeyd edək ki, İ.Əhədzadə ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.