“Hər dövrün öz yenilikləri olduğu kimi, öz tələbləri də vardır. Nəzərə alsaq ki, yeni texnologiyaların inkişaf etdiyi müasir zamanda yaşayırıq, bu halda davamlı islahatların qaçılmaz olduğunu unutmamalıyıq. Dövlət başçısı İlham Əliyev 2018-ci ildə keçirilən seçkilərdə yenidən Prezident seçildikdən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi".
Bu fikirləri "Unikal"a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.
Bir mühüm məqamı da nəzərə alaq ki, 2019-cu ilin sonlarında dünyada koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı ilk gündən dövlət başçısı İlham Əliyev iqtisadi islahatların dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Bu sahədə dövlət başçısı tərəfindən müəyyənləşdirilən vəzifələrin uğurla yerinə yetirildiyini sübut etmək üçün son iki ildə iqtisadi islahatların dərinləşdirilməsi, idarəetmənin təkmilləşməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, atılan bu kimi addımlar idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına, yeni çağırışlara uyğunlaşmağa geniş yol açır. Bir sözlə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayır. Struktur islahatlarının faydalarından biri də ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Prezident İlham Əliyev 2020-ci ilin avqust ayının 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinin prioritetliyini önə çəkərək dövlət şirkətlərinə və müəssisələrinə həllivacib tapşırıqlarını vermişdi. Qarşıya qoyulan əsas tələblərdən biri bu idi ki, dövlət şirkətləri yeni idarəetmə sisteminə keçməlidirlər. Görülən işlərin fonunda bu əminlik də ifadə edilirdi ki, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq”.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda imzaladığı Fərman əsasında dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı. Bu addım və sözügedən sahədə həyata keçirilən digər tədbirlər, xüsusilə islahatların təkmilləşdirilməsi həm dövlət xərclərinin azaldılmasına, həm də vəsaitlərdən daha səmərəli istifadə etməklə göstərilən fəaliyyətin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaradır.
Baş redaktor onu da əlavə edib ki, ötən ilin yanvarında Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzaladı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradıldı. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə yaradıldı. Son iki ildə SOCAR-ın fəaliyyətinə diqqət yetirdikdə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu görürük. Belə ki, idarəetmədə tətbiq edilən yeniliklər, təkmilləşmə Şirkətin xərclərinin optimallaşdırılması, maliyyə imkanlarının artması, həyata keçirilən layihələrin coğrafiyasının genişlənməsi ilə müşayiət olunur. Onu da qeyd edək ki, uğurlarda kadrların düzgün yerləşdirilməsi, karyera imkanlarının artırılması da öz müsbət rolunu oynayır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatının inkişafında, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsində payından və rolundan geniş bəhs edən Vüqar Rəhimzadə diqqəti son illər qurumun fəaliyyətində özünü qabarıq şəkildə büruzə verən yeniliklərə, təkmilləşməyə yönəldərək bildirib ki, dövlət başçısı İlham Əliyev SOCAR-ın modern, beynəlxalq standartlara cavab verən şirkətə çevrilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur: “SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri də onun beynəlxalq nüfuzunun göstəricisidir. 2018-ci ildə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun (NEZ) açılışı oldu. SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın, o cümlədən sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Onu da qeyd edək ki, inteqrasiya prosesləri SOCAR-ın təkcə Azərbaycanın daxilində yerləşən müəssisələrində aparılmır. Belə ki, “Petkim” və “Star” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb.
Baş redaktor bu mühüm məqamı da xüsusi qeyd edib ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-ci ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb. İki il öncə Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb.
SOCAR-ın yeniliklərindən bəhs edən Vüqar Rəhimzadə onu da bildirib ki, Bakıda ənənəvi olaraq keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgiləri həm ölkəmizin, həm də SOCAR-ın imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: “Bu baxımdan bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgiləri və Bakı Enerji Forumu xüsusi əhəmiyyətə malikdir. Nəticə etibarilə sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr qurmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı yaradır, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Ənənəvi keçirilən bu tədbirlərin dəstəkçisinin SOCAR olduğunu nəzərə alsaq görərik ki, hər il qurum bir sıra uğurları, yeni təcrübələri ilə tərəfdaşlarına nümunə göstərilir, təcrübə mübadiləsinin aparılmasına xüsusi diqqət yetirilir.”
V.Rəhimzadə vurğulayıb ki, bu fikir beynəlxalq səviyyədə də səsləndirilir ki, SOCAR-ı daim uğurlar müşayiət edir: “Təbii ki, hədəf uğurlara aparan yolda daim inamla irəliləməkdir. Yeni texnologiyaların tətbiqi şəraitində idarəetmədə aparılan təkmilləşmə bu hədəflərə daha tez və səmərəli şəkildə nail olmağa əsas yaradır. Hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılması, SOCAR-ın emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunması, hazır məhsulun rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə Şirkətin neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə başlanılıb. Qeyd etdiyimiz kimi, məqsəd səmərəliliyin yüksəldilməsi, fasiləsiz istehsalın təmin edilməsi, son nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasıdır.”
“Bu mühüm məqam da xüsusi qeyd edilir ki, emal və neft- kimya müəssisələrinin vahid mərkəzdən idarə edilməsi idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq” söyləyən baş redaktor bildirib ki, SOCAR bütün bu uğurları özünün fəaliyyətində birləşdirir: “Dövlət başçısı İlham Əliyevin gənclərin dinamizmi ilə təcrübənin vəhdətinin yaradılması ilə bağlı çağırışına əməl edilməsi SOCAR-ın atdığı addımlarda özünü qabarıq şəkildə büruzə verir. Qurumun bu və ya digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrinin miqyasının genişlənməsindən bəhs edərkən hər zaman kadr potensialı vacib amil kimi önə çəkilir. İqtisadiyyatın inkişafı ilə kadr hazırlığının vəhdətinin yaradılması, onların karyera imkanlarının genişləndirilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Bu isə öz növbəsində dövlət başçısı İlham Əliyevin 2003-cü ildən irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin reallıqda təsdiqidir.”
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin ardıcıllıqla həyata keçirilməsi ölkəmizdə uğurla reallaşdırılan neft siyasətinin məntiqi nəticəsidir: “Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu daim vurğulayır. Əbəs yerə ümummilli lider Heydər Əliyev neft-qaz sənayesini Azərbaycan iqtisadiyyatının onurğa sütunu adlandırmayıb. Reallıq budur ki, Azərbaycan təkmil iqtisadi modeli ilə dünyaya nümunədir. Azərbaycan artıq beynəlxalq bazarlarda təkcə xam neft və təbii qazın deyil, həm də karbohidrogen emalı məhsullarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyir. “Əsrin müqaviləsi”nin davamı olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin bütün sahələrdə malik olduğu imkanların təqdimatında, həmçinin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rola malikdir. Bir sözlə, bugünümüzün reallıqları həm ölkəmizin neft-qaz sektorunun, həm də SOCAR-ın gələcək inkişafı barədə aydın təsəvvür yaradır.”