Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos növbəti dəfə “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi elan edir. 

"Unikal" xəbər verir ki, müsabiqənin əsas məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirməkdir. 

Müsabiqəyə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələri qatıla bilər.

İştirakçılar bu layihəyə qoşulmaqla kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində “Azersky” peykinin imkanları sayəsində vizuallaşdırmaq şansı qazanacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir. Müraciətlər 30 noyabr 2022-ci il tarixinədək qəbul olunacaq. Təkliflər müsabiqənin şərtlərinə uyğun dəyərləndirildikdən sonra iştirakçılara “Azersky” peykindən əldə olunmuş təsvirlər təmənnasız olaraq təqdim ediləcək. Müsabiqədə ilk üç yeri tutan iştirakçıya uyğun olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində pul mükafatı veriləcək.

Müsabiqənin şərtləri və müraciət forması ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: 

https://azercosmos.az/az/earth-observation/earth-observation-competition

Qeyd edək ki, “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Bu müsabiqə kosmosun faydaları və gündəlik həyatımızda yaratdığı imkanları, həmçinin peyk təsvirləri ilə ekoloji dəyişiklikləri müşahidə etmək və onlara hazır olmaq, əkin sahələrinin düzgün monitorinqi ilə ərzaq təhlükəsizliyinə töhfə vermək kimi təşəbbüsləri özündə birləşdirir. Vurğulamaq lazımdır ki, rəqəmsallaşma dövrü elmi tədqiqatların aparılması üçün də yeni perspektivlər açır. Ölkəmizdə elmi işlərin kosmik sahənin imkanları ilə dəstəklənməsi elm adamları və tədqiqatçılara müasir dövrün qlobal çağırışlarına cavab verməyə şərait yaradır.

Azərkosmosun 2016-cı ildən etibarən başlatdığı “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” təşəbbüsü Azərbaycanda bu sahənin inkişafına ciddi təkan verəcək.