Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin müvafiq dövrü ərzində espublika üzrə fəaliyyət göstərən 1 195 istehsal, ticarət və ictimai iaşə müəssisəsində planlı və plandankənar yoxlamalar keçirib.
AQTA-dan "Unikal"a verilən məlumata görə, həmin yoxlamalar zamanı 694 qida subeyktində (obyektində) obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb.
Bu isə yoxlama keçirilmiş qida subyektlərinin (obyektlərinin) 58%-ni təşkil edir. Statistikadan da göründüyü kimi, hazırda bu sahədə ciddi qayda pozuntuları mövcuddur və yol verilən qanunsuz hallar insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı təhlükə riskini yaradır.
Aparılan araşdırmalar zamanı həmin ticarət və ictimai iaşə müəssisələrində çalışan, obliqat qrupuna daxil olan, ancaq ilkin və dövri tibbi müayinədən keçirilməyən işçilərdə bir sıra xəstəliklər aşkar edilib ki, bu da sözügedən müəssisələrdə işçilərin tibbi müayinədən keçirilməsinin təmin olunmadığını göstərir.
AQTA ticarət və ictimai iaşə müəssələrində bu istiqamətdə yoxlama-nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib və aşkar olunan qanunsuz hallarla bağlı müvafiq tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində tibbi müayinədən keçməyən əməkdaşların işdən uzaqlaşdırılması ilə bağlı qərarlar qəbul edilib.
Agentlik bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.
Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.
Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda bir sıra dəri və yoluxucu xəstəliklər xəstəlik daşıyıcılarından qida vasitəsilə ötürülə bilər. Bununla əlaqədar qeyd olunan müəssisələrdə bütün işçilərin işə qəbul olunmazdan əvvəl ilkin və ildə bir dəfə dövri tibbi müayinədən keçmələri təmin olunmalıdır.