Vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqları insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsinə, həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb.
"Unikal" xəbər verir ki, sentyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Liman şəhər inzibati ərazi dairəsində keçirdiyi səyyar qəbul-görüşü də yerli insanların qayğı və problemlərinin öyrənilməsinə, qaldırılan məsələlərin həllinə operativ və ədalətli yanaşılmasına xidmət edib.
Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, sərhədlərimizin bərpası uğrunda ölümsüzlük zirvəsinə ucalan qəhrəman övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu səyyar qəbulda icra başçısı yerli insanları diqqət və qayğı ilə dinləyib. Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə T.Qaraşov bildirib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir. İcra başçısı qəbul-görüşdə insanlar tərəfindən səsləndirilən bütün məsələlərin şəxsən nəzarətində olduğunu qeyd edib. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər” fikrini xatırladan T.Qaraşov bildirib ki, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına qayğıyla yanaşmaq hər bir vətəndaşın və eləcə də dövlət məmurlarının borcudur. Natiq qeyd edib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən məsələyə xüsusi diqqət və nəzarət edirlər, məhz bu həssaslıq nəticəsində istər şəhid ailələrinin məişət problemlərinin həlli, istər qazilərimizin sağlamlığının müalicə və bərpası, istərsə də Vətən müharibəsi iştirakçılarının işlə təmin edilməsi məsələləri hər zaman aktuallığını qoruyur.
“Cənab Prezidentin siyasətinin mərkəzində məhz insan amili dayanır” deyən natiq bildirib ki, ədalətli sosial dövlət quruculuğu üçün vətəndaş məmnunluğunun təmin olunması prioritet məsələlərdəndir. Liman şəhər sakinləri vətəndaşla dövlət məmurları arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.