"Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv və səmimi şəkildə danışıqlara qoşulacaq".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistanın ehtiyatsız hərəkətlərinə baxmayaraq, Azərbaycan maksimum təmkin, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və səmimi iradə nümayiş etdirib:
"12-14 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur, bu kontekstdə ölən əsgərlərin qalıqlarını birtərəfli qaydada Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalaq Qırmızı Xaç Komitəsini məlumatlandırıb. Əslində, son döyüşlər münaqişədən sonrakı irimiqyaslı investisiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Bundan əlavə, son gərginlik Ermənistanda son 30 ildə gördüyümüz mənzərəyə çox uyğun gəlir. Ermənistan hər dəfə həlledici mərhələdə sıçrayış əldə etmək üçün lazımi qərarların qəbulu üçün məsuliyyətdən yayınaraq ciddi təxribatlara əl atır. Mən istərdim ki, Ermənistanın indiki rəhbərliyi özündən əvvəlkilərin yolu ilə getməsin, regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini qəsdən bir daha bağlamasın".