Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı edilən xahişlərdən danışıb.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, Vahit Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərində müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlərindən danışıb:
“Bizə deyirlər ki, sizin Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər”.
O, Türkiyə hakimiyyətinin 2002-ci ildən müdafiə sənayesinə böyük əhəmiyyət verdiyini vurğulayıb: “Müdafiə sənayesinə verdiyimiz önəm sayəsində bu gün yerli istehsalı yüzdə 80 faizə çatdırmışıq, cəmi 20 faizi qalıb. Hər kəs indi özümüzün döyüş təyyarəmizin nə vaxt uçuş zolağından qalxacağını və ya enəcəyini gözləyir, çünki dünyada İHA və SİHA (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) istehsal edən azsaylı ölkələrdən birinə çevrilmişik”.
Nazir Rəcəb Tayyib Ərdoğanın gənclərə dəyər və önəm verdiyini vurğulayıb. Vahit Kirişçi qeyd edib ki, düzgün siyasət, düzgün mövqe Türkiyəni bu cür güclü vəziyyətə gətirib: "Biz NATO-nun üzvü və iki nömrəli ölkəyik, lakin digər tərəfdən Aİ ilə danışıqlar prosesindəyik. Həm NATO, həm də Aİ Ukrayna tərəfində olduğu halda biz birini digərindən seçə bilmərik, hər ikisi bizim dostumuzdur və qonşu ölkələrdir”.