Qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsində periodik olaraq dəyişmələr baş verir. Səviyyənin dəyişməsində başlıca amil Xəzərin hövzəsinin iqlimidir.
"Unikal"ın məlumatına görə, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər.
“Qeyd edək ki, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən dəniz səviyyəsində enmələr müşahidə olunur.
Səviyyə tərəddüdü qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bu proseslərə yalnız iqlimə təsirlərin qlobal səviyyədə azaldılması hesabına təsir etmək olar. Bunun üçün isə atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir”.
R.Səttarzadənin sözlərinə görə, Azərbaycan istixana qazlarının səviyyəsini azaltmaq üzrə könüllü öhdəlik götürüb və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin Azərbaycanın qlobal emissiyalarda payı cəmi 0,15 %-dir və bu sahədə müvəffəqiyyətə nail olmaq üçün istilik effekti yaradan qazların qlobal emissiyalarında payı çox olan ölkələr tərəfindən davamlı olaraq ciddi tədbirlər görülməlidir.
“Bu çox uzun sürən prosesdir və buna görə də, biz öz həyatımızda, fəaliyyətimizdə təbii amillərlə bağlı olan səviyyə tərəddüdlərinə uyğunlaşmalıyıq.
Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir”.
Nazir müşaviri qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır. Müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar.
“Biz bu sahədə regional və beynəlxalq əməkdaşlığa da xüsusi önəm veririk. Xəzər dənizinin hazırki və gözlənilən səviyyə tərəddüdlərini, iqlim şəraitini və proqnozlarını nəzərə alaraq müzakirələrin aparılması məqsədilə bu ilin 05 iyul tarixində Bakı şəhərində ETSN-in təşkilatçılığı ilə “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda aidiyyəti dövlət qurumları, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel, Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətləri, Avropa İttifaqı, BMT təsisatları, Dünya Bankının nümayəndələri, həmçinin beynəlxalq eskpertlərin iştirakı ilə müzakirələr aparılıb, milli və regional tədbirlərin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi qərara alınıb”.