Bu gün 2022-ci il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 12-ci kilometrliyində, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Hüquq Mühafizə orqanları, Qaradağ rayon Gənclər və idman İdarəsinin rəisi Elçin Abbasov və şəhid ailələrinin üzvləri iştirak edib. Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınıb. İctimaiyyət nümayəndələri ümumilikdə 250 ədəddən çox müxtəlif növ ağac əkiblər.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Qobustan qəsəbəsində sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhidlik zirvəsinə yüksəlmiş hərbiçimiz Əzizli Sadiq Zaur oğlunun ailəsini ziyarət ediblər.
Qobustan qəsəbəsində Aşıq Rza adına Mədəniyyət Evində Milli Qəhrəmanımız Əliyev Yusif Əliyusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Qəhrəmanın döyüş və iş yoldaşları çıxış edərək onun xatirəsini yad etmişlər. Məktəblilər Şəhidlərə həsr olunmuş şerlər söyləmişlər. Tədbirin sonunda Milli Qəhrəmanın oğlu İsmayıl Əliyev çıxış etmiş, təşəkkürünü bildirib.
Tədbirdən Sonra isə Milli Qəhrəmanın Qobustan qəsəbəsində yaşayan ata evi ziyarət edilmiş, şəhidin ailəsi ilə görüş baş tutub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!