“İkinci Qarabağ savaşının başlandığı 27 sentyabr 2020-ci ildən iki il ötür. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis olunub. Azərbaycanı Zəfərə aparan 44 günlük yolun başlanğıcı olan bu tarix özündə bütün məqamları ehtiva edir".
"Unikal" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı:
"Döyüş meydanında üstünlüyümüzü həzm edə bilməyən Ermənistan silahlı qüvvələri iki dəfə cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəni, Bərdəni və Tərtəri raket atəşinə tutdu. İnsanlığa qarşı törədilən bu cinayətlər, bu təxribatlar da dünyanın gözü qarşısında baş versə də həmişəki susqunluq kimi, günün əsas reallığına çevrildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir, tərəflər arasında əldə olunan humanitar atəşkəsi pozur, bəzi dünya gücləri bunu səssiz qarşılayırdılar. Müharibənin getdiyi dövrdə işğalçı Ermənistanın bir tərəfdən dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında diz çöküb danışıqların bərpası ilə bağlı yalvarışlarının, digər tərəfdən isə əldə olunan humanitar razılaşmanı pozduğunun şahidi olduq. Azərbaycan müharibənin gedişi dövründə dünyaya yenə də sərt mesajlarını çatdırdı. Bütün bu ikili standartlara əsaslanan siyasət fonunda müxtəlif təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan öz haqq işindən geri çəkilmədi, sonadək mübarizəsini davam etdirdi. Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tariximizə Zəfər səhifəsini yazdı. 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Dünya güclərinin 28 il kağız üzərində saxladığı BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi. Bir daha dünyaya bəyan edildi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasət nəticəsində onların tətbiqinə nail olmaq, haqqı, ədaləti bərpa etmək mümkündür.”
Vüqar Rəhimzadə vurğulayb ki, bugünümüzün Zəfər sevincini yaşayarkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirləri yada salmamaq mümkün deyil: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Prezident İlham Əliyevin 19 ilə yaxın Prezidentlik dövrünün 2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir: “Bu illər ərzində Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Məhz ölkəmizin informasiya cəbhəsində üstünlüyü 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vətən müharibəsinin gedişi dövründə bir daha bu çağırışı etdi ki, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Əbəs yerə deməyiblər ki, tarixinə sahib çıxan dövlət, xalq məğlubedilməzdir. Hər zaman qeyd olunduğu kimi, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalq tarixin bütün sınaqlarından şərəflə çıxacaq. Azərbaycan xalqı 30 illik işğal dövründə bir an belə torpaqlarımızın yağı düşmən tapdağından azad ediləcəyinə bağlı ümidlərini itirmədi. Təbii ki, dövlətimizin uğurlu siyasəti bu əminliyə əsas verirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, ərazi bütövlüyümüzü təmin edəcəyik, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Münaqişənin həllində sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yoluna üstünlük veriləcək”.
“Artıq iki ildir ki, məhz bu sevinci, torpaqlarımızın işğaldan azad edilməsinin qürurunu yaşayırıq” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi: “Prezident İlham Əliyev daim bildirir ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. 44 günlük İkinci Qarabağ müharibəsində bütün təzyiqlərə baxmayaraq Ali Baş Komandanımız qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi. İşğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da yağıların torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər, ən əsası Qarabağın tacı, ermənilərin illərdir erməniləşdirməyə çalışdıqları Şuşamız işğaldan azad edildikdən sonra Ermənistan diz çökdü. Nəticədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu”.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bu Qələbəsi şəksiz idi: “Hətta beynəlxalq ekspertlər də Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idilər. Çünki Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlət başçısı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində ölkə Prezidenti artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirmək, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini daim xüsusi diqqət mərkəzində saxladı. 2003-2020-ci illərdə ordu quruculuğu Prezident İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil etdi. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və hərbi texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirildi”.
“Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, müharibədə asan qələbə olmur: “Tarixi Zəfərimizi 3 mindən artıq şəhidimizin qanı ilə, qazilərimizin və digər cəsur döyüşçülərimizin şücaətləri ilə qazandıq. Bu baxımdan Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Zəfər və Anım günlərinin təsis edilməsi daim bizə diktə edir ki, xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Zəfəri bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu Zəfərin Sərkərdəsi isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz cəsur Sərkərdə, Ali Baş Komandanın çağırışları, dönməz qətiyyəti, tarixi Zəfərə böyük inamı igidlərimizi qələbədən-qələbəyə apardı. Prezident İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi”.
Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, bu gün Ümummilli Liderin və şəhidlərimizin ruhları şaddır: “İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Prezident İlham Əliyev Şuşa azad olunanda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla vurğuladı. Həmin gün Prezidentimizin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti şəhidlərin ruhuna ehtiramın, onların qanları, canları ilə tarix yazmalarına verilən yüksək dəyərin ifadəsi idi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ayrı-ayrı şəhərlərdən, rayonlardan, kənd və qəsəbələrdən torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olub, silaha sarılan oğullarımızın hər biri özünəməxsus bir qələbə səhifəsi yazdı. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən oğullarımız ən yüksək zirvəyə- şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısı İlham Əliyev daim xalqa müraciətlərində qələbənin qazanılmasında əsgərlərimizin rolunu önə çəkərək müharibədən sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə olmasını xüsusi qeyd edərək bildirdi ki, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. “Birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir” söyləyən Ali Baş Komandan onu da bildirdi ki, gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyinin müəllifi kimi çıxış edir: «İki ildə qeyd olunan istiqamətlərdə atılan addımlar Azərbaycanın iqtisadi və siyasi mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. İlk dəfə olaraq dünya hərb tarixində bel bir hal yaşandı ki, müharibədən çıxan ölkə dərhal bərpa-quruculuq işlərinə başladı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu səfər mühüm tarixi məqamlarla yadda qaldı. Azərbaycan oğullarını Şuşaya qovuşduran, dastana çevrilən Şuşa əməliyyatının keçirilməsinə şahidlik edən Füzuli-Şuşa avtomobil yolunun - dövlət başçısı İlham Əliyevin Zəfər yolu adlandırdığı yolun tikintisi ilə bağlı göstərişlər verildi. Ümumilikdə postmüharibə dövrünün ilk günlərindən infrastruktur layihələrinin icrası prioritet məsələ kimi öndə oldu. Bugünümüzün reallıqları sırasında təkcə bu faktı qeyd etmək kifayətdir ki, artıq Azərbaycan Qarabağdan və Şərqi Zəngəzurdan hava qapılarını dünyaya açır. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanının isə yaxın günlərdə işə düşməsi nəzərdə tutulur. Artıq Şuşa beynəlxalq diplomatik mərkəzə çevrilib. Hər gün beynəlxalq əhəmiyyətli tədbirlərə, eyni zamanda, bu və ya digər sahələri əhatə edən sənədlərin imzalanmasına şahidlik edən Şuşa çal-çağırlı günlərini yaşayır. Mədəniyyət paytaxtımız bu il dünyanın enerji tərəfdaşlarını, o cümlədən dünya azərbaycanlılarını bir araya gətirdi. İki ildə istər bərpa-quruculuq sahəsində, istərsə də ənənəvi tədbirlərə yenidən start verilməsi baxımından işğaldan azad edilmiş ərazilərimiz özünün sevincli günlərini yaşayır. Artıq işğaldan azad edilən torpaqlara Böyük Qayıdışın da ilk addımı atıldı. Bu il Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası, müasir tələblərə tam cavab verməsi bir daha bu reallığı təsdiqləyir ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilməklə təkcə Azərbaycanın deyil, dünyanın ən diqqəti çəkən diyarları olacaq. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən düzgün qurulan və gələcəyə hesablanmış siyasətdir”.