SOCAR "Azəriqaz” İstehsalat Birliyinin regionlarda təşkil etdiyi "Səyyar qəbul otağı”nın növbəti dayanacağı Xaçmaz rayonu olub.
"Unikal" xəbər verir ki, ənənəvi hal alan aksiyada ümumilikdə 13 müraciət ünvanlanıb.
Mikrofon önünə keçən abonentlərdən Həsən Əliyev və Nicat Nəcəfov fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş ediblər.
Həmçinin aksiya zamanı digər sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini də səsləndiriblər.
Qalan digər müraciətlər arasında Yergüc kəndində yeni yaşayış massivinin qazlaşdırılması, fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi və debitor borcun hiss-hissə ödənilməsinə şərait yaradılmasına köməkliyin göstərilməsi kimi istəklər yer alıb.
Hər bir müraciət Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.