27 sentyabr “Anım Günü” ilə bağlı Lənkəran rayonunda silsilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, səhər saatlarından başlayaraq Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Abidə önünə tər çiçəklər düzülüb, şəhidlərimizə hörmət və ehtiram göstərilib. Daha sonra rayon rəhbərliyinin iştirakı ilə Şəhidlər Xiyabanı küçəsində və ətraf ərazilərdə ağacəkmə aksiyası keçirilib, 150-ə yaxın ağac əkilib. “Anım Günü” ilə bağlı tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir iştirakçıları öncə lənkəranlı gənclərin rəsmlərindən ibarət “Şəhidlər ölməz” adlı sərgi ilə tanış olublar. Dövlət himinin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. Taleh Qaraşov bildirib ki, ermənilər tarixən bizim torpaqlarımıza göz dikiblər və havadarlarının yardımı ilə ərazimizdə etnik təmizləmə aparıb, terror törədiblər, toponimlərimizin silinməsi və dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstəriblər.
Onun sözlərinə görə, erməni vəhşiliklərinə ilk hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyevin vaxtında verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edilib. Ümummilli Liderin siyasəti laiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilib və məntiqi nəticə kimi 44 günlük Vətən müharibəsində Zəfər əldə olunub. Taleh Qaraşov Vətən müharibəsini daxili tələbat və zərurətdən doğan addım kimi dəyərləndirib. Onun sözlərinə görə, “Dəmir Yumruq” ətrafında birləşən xalq ədaləti, beynəlxalq hüququ, torpaqlarımızın azadlığını və sərhədlərimizin bütövlüyünü təmin edib. İcra başçısı bildirib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin adının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial-məişət problemlərinin həll olunması, onlara diqqət və qayğının göstərilməsi ilə bağlı məsələləri şəxsi nəzarətlərində saxlayırlar. Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir şəhidimizin anım gününün qeyd olunması üçün şəhid ailələrinə maddi dəstək göstəriləcəyini də söyləyib. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi Emin Bağırov, şəhid atası Kamran Kazımov, Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova və Vətən müharibəsi qazisi Eyvaz Hüseynzadə çıxış ediblər. Natiqlər çıxışlarında şəhidlərimizin qanları ilə tarix yazdıqlarını, xalqımızın başını uca etdiklərini, özlərindən öncəki şəhidlərin qisasını aldıqlarını qeyd ediblər. Daha sonra şəhid övladlarının və məktəblilərin iştirakı ilə bədii- kompozisiya təqdim olunub.
Qeyd edək ki, “Anım Günü” ilə bağlı rayon ərazisində silsilə tədbirlər gün ərzində davam etdirilir.