27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
27 Sentyabr - Anım Günü tədbirinə yürüşlə start verilib. Gənclərin və rayon sakinlərinin iştirakı ilə SHXÇDX Qazax Rayon Şöbəsinin qarşısından start götürən yürüş Heydər Əliyev prospekti boyunca şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanınadək davam edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş yürüş iştirakçıları 44 günlük Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.