“Zəfər”ə gedən yolun başlanğıcı və “Anım Günü” kimi tariximizdə əbədiləşən 27 sentyabrda Lənkəran rayonunda silsilə tədbirlər gün ərzində davam etdirilib.
"Unikal" xəbər verir ki, Vətən müharibəsində Lənkəran rayonundan olan ilk şəhidimiz polkovnik-leytenant Mehman Şirvanovun anım mərasimi və xatirə lövhəsinin açılışına həsr olunan tədbir keçirilib. Ürgə kəndində baş tutan anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Xatirə lövhəsinin açılışını icra başçısı şəhidin atası Mirəziz Şirvanovla birgə edib və xatirə lövhəsinin önünə tər çiçəklər düzüb.
Dövlət himninin sədaları altında başlayan tədbirdə Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı və suveren hüquqlarımızın bərpası yolunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhid valideynlərinə minnətdarlığını ifadə etməklə nitqinə başlayan icra başçısı bildirib ki, Vətən uğrunda canından keçən övladlarımızın valideynləri də qəhrəmandırlar: “Vətəni sevməyi və torpağın müqəddəs olduğunu övladlarımıza məhz valideynlər izah və tərbiyə edirlər. Övlad acısından qəlbinin sızıldamasına baxmayaraq, şəhid valideynləri mətin duruşlarıı ilə cəmiyyətə nümunə təşkil etdikləri üçün hər zaman rəğbətə laiqdirlər”. Şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin daim yad olunması dövlətin mərkəzi xətlərindəndir deyən Taleh Qaraşov ictimaiyyətin və yerli insanların da müxtəlif təşəbbüslərlə şəhid ailələrinin yanlarında olduqlarını vurğulayıb. Birlik və bərabərliyin cəmiyyətin, eləcə də dövlətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən İcra başçısı qalib xalq kimi bizim bu məsələdə bir çox dövlətlərə və xalqlara nümunə olduğumuzu qeyd edib.
Şəhidin atası Mirəziz Şirvanov “Qarabağ” ordenli oğlu ilə qürur duyduğunu bildirib. Şəhid atası 23 il orduda şərəflə xidmət edən, Vətən uğrunda canından keçən oğlunun fədakarlığını qiymətləndirdiyinə görə Müzəffər Ali Baş Komandana minnətdarlığını qeyd edib. “Ən böyük təsəllim Vətən müharibəsində Zəfər qazanmağımızdır” deyən M.Şirvanov Mehman kimi şəhidlərimizin, qazilərimizin qanının yerdə qalmadığını, onların qisasının alındığını ifadə edib. Şəhid atası onları yalnız saxlamadıqları, dərdlərinə şərik olduqları, qayğı və problemləri ilə yaxından maraqlandıqları və diqqət mərkəzində saxladıqları üçün cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürünü bildirib.
Çıxışlardan sonra məktəblilərin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şerlər səsləndirilib. Qeyd edək ki, şəhid Mehman Şirvanov dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, "İgidliyə görə", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları təltif olunub.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov , icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvlərinin iştirakı ilə “Anım Günü” çərçivəsində canlarını hər şeydən çox sevdikləri Vətən uğrunda fəda edən şəhidlərimizin rayon ərazisindəki məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər.
Qeyd edək ki, sentyabrın 27-də Lənkərandan olan şəhidimiz Əkbərzadə Qalib Əbdüləhəd oğlunun da anım günüdür. İcra başçısı Kərgəlan kənd qəbiristanlığında şəhidimizin məzarını ziyarət edib, qəbiri üzərinə gül dəstələri düzüb, ruhuna dualar edib. Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.