İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Bizim Market”də satılan, “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.
Dövlət Xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.
İstehsalçı barədə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərib və qanunvericiliyə riayət olunması tələb edib. Mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.