"Ukraynanın DXR, LXR, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumun nəticələri qəbuledilməzdir. Bu, qeyri-qanuni keçirilən rəy sorğusudur".
Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində keçirilən referendum saxtadır:
"Əhalisinin böyük hissəsinin qaçıb-getmiş, müharibə şəraitində yerli əhalinin də iştirak edib-etməməsi haqqında düzgün məlumatlar verilmədiyinə görə, bütövlükdə bu saxta bir refendumdur. Təbii ki, bunu dünya ölkələri tanımayacaq və bunu tanımağa heç kimin haqqı yoxdur. Müstəqil dövlətin ərazilərini işğal elə və orada da saxta refendum keçir. Daha sonra həmin ərazilərin Rusiyaya birləşdirilməsi və Rusiya torpağı olması haqqında ikiüzlü bəyanat ver. Bu, riyakarlıqdır, biabrçılıqdır. Bu isə dünya ictimai rəyinə meydan oxumaqdır. Biz özümüzdə separatizmdən, müharibədən əziyyət çəkmiş ölkəyik. İşğal yolu ilə həyata keçirilən və separatizmdə müşayiət olunan saxta, yalançı, riyakar siyasi aksiyanı qətiyyən tanıya bilmərik".
Q. Hüseynli həmçinin DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin Krım Federal Dairəsinə birləşdirilməsinə münasibət bildirib.
"Rusiyanın tərkibində federal qurum yaranır. Oraya da Putinin sərəncamı ilə başçı təyin olunur. Bu da saxtakarlıqdır. İşğala, təcavüzə məruz qalmış torpaqları öz üzərinə qatırsan və onlardan ibarət federal dövlətmi, dairəmi yaradırsan?! Dünya işğalçılıq tarixində bu misli görünməmiş bir hadisədir. Bunların hər biri uzunömürülü deyil. Uzağı, bu ilin sonlarına yaxın və ya gəlin ilin ortalarına kimi bu kağız üzərində qurulmuş dövlətlər yenidən öz doğma yerlərinə, Ukraynaya qayıdacaq. Rusiyanın hərbi cinayətləri Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən özünün lazimli hərbi hüquqi və siyasi qiymətini alacaq".
Gülayə Mecid