Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Bakı və Yevlax Data mərkəzləri vasitəsilə İT infrastrukturuna və sistemlərinə malik olan qurumlara müxtəlif növ bulud xidmətləri təklif edir. Bu xidmətlərdən yararlanan növbəti təşkilat “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
"Unikal" xəbər verir ki, “Bakı Fond Birjası” QSC ilkin mərhələdə İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətini əldə edib. Nəticədə “Bakı Fond Birjası” QSC məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.
Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanı verir.
Həmçinin virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür. Bununla da müəssisələr rezervlənmələrin məlumatların artımı bazasında həyata keçirilməsi hesabına yaddaş və trafik xərclərinə qənaət edilməsi kimi üstünlüklər əldə edirlər.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və
“ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən Data mərkəzlərinə sahibdir.
“AzInTelecom” MMC Bakı və Yevlax Data mərkəzləri vasitəsilə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edir. Bunlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Virtual İP Telefoniya” “Microsoft” və “Oracle” məhsulları daxildir.