28-29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Manisa Celal Bayar Universitetinin birgə təşkilatçılığı ilə I Beynəlxalq Sosial Elmlər Konfransı keçirilib.
"Unikal" xəbər verir ki, konfransın açılışını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov etdi. Daha sonra Akademiyanın rektoru prof. Hüseyn Qaraşov konfrans iştirakçılarını salamladı və konfransın məqsədinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq olduğunu vurğuladı.
Konfransa onlayn olaraq qatılan Manisa Celal Bayar Universitetinin rektoru prof.dr Ahmet Ataç da iştirakçıları salamlayıb və Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən rektor, hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib, konfransın təşkilinin məqsədinin hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəldilməsi olduğunu vurğulayıb. Sonra konfransın proqramına uyğun olaraq Şuşa ilinə həsr olunmuş video-çarx təqdim olunub. Açılışdan sonra iştirakçılar bölmələr üzrə çıxış ediblər. Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Konfransın II günü Sosial proqramıara ayrılmışdır. Sosial proqramlar çərçivəsində Şəhidər Xiyabanının, II Fəxri xiyabanın ziyarəti və Zəfər Parkının gəzintisi nəzərdə tutulub.